Bakıda "Çinar-Trans MMC" daşıyıcı şirkətinə məxsus olan 165 nömrəli marşrut avtobusu ilə bağlı şikayətlər son zamanlar xeyli artıb.
"Unikal"ın məlumatına görə, avtobus Yasamaldan hərəkətə başlayır və 20 Yanvar dairəsindən keçməklə Binəqədi rayonunun Mehdiabad qəsəbəsinə qədər gedir. Sərnişinlər avtobusun köhnə və dar olmasından, eyni zamanda sürücülərin avtobusu həddindən artıq doldurmasından şikayət edirlər.
Bu gün 165 nömrəli marşrut avtobusu ilə bağlı daha bir neqativ hal yaşanıb. Belə ki, 99-LZ-861 dövlət qeydiyyat nişanlı "Daevo" markalı 165 nömrəli avtobusun sürücüsü ilə sərnişinlər arasında mübahisə yaşanıb. Hadisə 20 Yanvar metrostansiyasının yaxınlığında baş verib.
Bu, 165 nömrəli avtobusla bağlı yeganə neqativ hal deyil. Belə ki, eyni avtobus, yəni 99-LZ-861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2019-cu ildə Bakıda zəncirvari qəza törədib. Sürücü qanunsuz şəkildə 2 növbə ardıcıl işləyib, sükan arxasında yatıb və qəza hadisəsi baş verib. Qəza zamanı 165 nömrəli avtobus 8 maşını vurub.
2022-ci ilin iyul ayında Bakı Nəqliyyat Agentliyi 165 nömrəli marşrut avtobusundakı neqativ hallarla bağlı daşıyıcı şirkət olan "Çinar-Trans MMC"yə xəbərdarlıq edib. Xəbərdarlıq məktubunda avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi, o cümlədən digər nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verildiyi qeyd olunub. Buna baxmayaraq, marşrut xəttindəki neqativ hallar hələ də aradan qaldırılmayıb və avtobuslar yeniləri ilə əvəz olunmayıb.
Onu da qeyd edək ki, "Çinar-Trans MMC" daşıyıcı şirkəti ötən ilin sonlarında “PAŞA Sığorta” tərəfindən məhkəməyə verilib. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Seymur Əli