İran İslamı: “Kim olursan-ol, amma Normal İnsan olma!”
11:59 13-03-2013
DÜNYA
Yaxud “Allah adına yalan danışanlar”dan daha bir ağ yalan...
Xəbər verildiyi kimi, İran İslam (????) Respublikasının prezidenti Mahmud Əhmədinejad martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində mərhumun 78 yaşlı anası Yelena Friasa təsəlli verərkən adi, lap adi insanlara xas olan bir jest nümayiş etdirməsi İran mollalarını xoşagəlməz dərəcədə əsəbiləşdirib.
(Hərçənd ki İran prezidentindən humanist görünən belə bir jest, ən azı, dərin təəccüb doğurur. Çünki oxucunun yaxşı yadındadır ki, ötən il Güney Azərbaycanda onlarla soydaşımızın həyatına bais olmuş və yerli sakinlərə külli miqdarda maddi ziyan vurmuş fəlakətli zəlzələ baş verəndə İran prezidenti dünya tarixində görünməmiş əcaib bir addım atıb “lokal matəm” elan etdi. Yəni demək istədi ki, “Ey İran türkləri, ölübsünüz, özünüz bilərsiniz. Sizin faciənizin İran dövlətinə və İran cəmiyyətinə dəxli yoxdur!!” Hətta Əhmədinejad həmin zəlzələdən bir neçə ay sonra, nəhayət, təbii fəlakət bölgəsinə səfər etsə də, zəlzələyə məruz qalmış İran türkləri uzun müddət çadırlarda yaşamalı oldular, çünki İran hökuməti, sadəcə olaraq, Azərbyacan türkü olduqlarına görə onların aqibətləri ilə maraqlanmırdı...)
İndi isə həşəmətli İran mollaları hesab edirlər ki, Əhmədinejad oğlunu itirmiş anaya səmimi şəkildə təsəlli verməklə ... İslam əxlaqına zidd əmələ yol verib.
İslam dininin tarixində bu cür əllaməliklər çox olub. Bu cür əllaməliklərdən geniş şəkildə danışmağa hacət yoxdur. Bununla belə, 6-7 il əvvəl yazdığımız kimi, İslam dini elə Həzrət Muhəmməd (s.v.s.)-in özü ilə bərabər dəfn edilib və bu günə qədər “İslam məkanı” adlandırılan ərazidə tədqiq və təbliğ edilən ehkamlar sisteminin İslam dininə heç bir dəxli yoxdur!!!
Bu günki İran İslamının Həzrət Muhəmmədin (s.v.s.) gətirdiyi və təbliğ etdiyi İslama nə dərəcədə dəxli varsa, İran prezidenti Əhmədinejadın və o cümlədən İranın digər dövlət rəhbərlərinin də müsəlmançılığa o qədər dəxli var...
Məsələn, İran İslamının bu tipli öndərlərinin fikrinə görə, Allahın şah əsəri olan insanların toplusundan təşkil olunan xalqın dilini, mədəniyyətini, ləyaqətini ayaqlar altına atıb təhqir etmək və həqarətlərə məruz qoymaq olar.
Bu məqamda oxucunun yadına bir faktı salmaq istəyərdik: İranda nəşr edilən dərgilərin birində Azərbaycan türklərini tarakana bənzədən karikaturanın dərc edilməsini...
Və bunu İranda “İslami sənət” adlandırırlar. “İslami sənət” isə, sadəcə, “Allahdan gələn sənət” deməkdir.
Belə çıxır ki, Allah özünün şah əsərini yaradandan sonra İran rəssamının və İran rəsmilərinin dili ilə öz yaratdığını alçatmaqla, təhqir etməklə, həşərata bənzətməklə məşğul olur...
Qurani-Kərimdəki “Allah adına yalan danışanlar” ifadəsi bu məqam üçün nəzərdə tutulmayıbmı?
İkinci bir məqam. İran İslamının ardıcılları qan düşmənimiz olan Ermənistan hakimiyyətini bizə qarşı müntəzəm şəkildə dəstəkləyib ona maddi-mənəvi və hərbi yardım edir. Yəqin ki, bu dəstək də Allahın hökmündən irəli gəlir, eləmi?
Allah adından yalanlar danışmağa şakərli olanlar saqqalarını sığallayıb “xub!” deyəcəklər...
Üçüncü məqam isə İslam dəyərlərini (təbii ki, özlərinin anladıqları şəkildə) əldə bayraq edərək ömründə bircə dəfə ürəyiyumşaqlıq, qəlb kövrəkliyi nümayiş etdirmiş Əhmədinejada qarşı dəyənəyə çevirənlərin yenə də dini riyakarlığı ilə bağlıdır.
Müşahidəçilərin fikrincə, İran prezidentinə qarşı təşkil edilən bu hücum kampaniyası yalnız və yalnız bircə məsələ ilə - qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır.
Məlum olduğu kimi, Əhmədinejadın prezidentlik müddəti başa çatmaq üzrədir və o bir daha prezident seçilə bilməz. Əhmədinejad isə taleyi ilə barışmaq fikrində deyil. Çalışır ki, yeni seçiləcək prezident vasitəsilə hakimiyyətə təsir imkanlarını qoruyub saxlasın.
Onun rəqibləri də bunu gözəl anlayırlar və məşhur “buseyi-rəisi-cümhur” kampaniyasının alt qatında yatan oyunlar da bundan ibarətdir...
Biz sıravi və həqir bəndələrik və belə dərin mətləblərdən baş çıxartmaq bizim işimiz deyil. Yəqin ki, İran mollalarının qəlbinə ilham edilən busə kampaniyası da Allahdan nazil olunub...
Digər Xəbərlər
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04