İsmayıllı şəhərindəki mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub.
Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş (“obrez”) tüfəng aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.