Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində ötən gün axşam 2 mülki Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində həlak olublar.
"Unikal" report-a istinadn xəbər verir ki, əslən Azərbaycanın Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu 31 yaşlı Əliyev Cavidin meyitləri mərmi zərbəsindən hissələrə parçalanıb.
Belə ki, Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları olan ata-oğul ötən gün Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə iri buynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar.
Hadisənin ardınca yaxın rayonlardan onların ardınca gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə qədər pulu tapmayıblar. Yerli polisin köməyilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitləri hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır.
Onların hər ikisi ailəli olub.