Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detallarını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Rusiyanın köməyinə görə dərin minnətdarlığını bildirib, rusiyalı xilasedicilərin və həkimlərin yüksək peşəkarlığını qeyd edib.
Öz növbəsində Vladimir Putin ölkənin təbii fəlakətdən zərər çəkmiş rayonlarında bərpa işləri zamanı Türkiyə tərəfinə lazımi yardımı göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
"Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri, o cümlədən enerji sektorumda əməkdaşlıq da müzakirə olunub. Rusiya enerji daşıyıcılarının gələcək tədarükünün və Akkuyu AES-in tikintisinin praktiki aspektləri əsaslı şəkildə nəzərdən keçirilib.
Rusiya Prezidentinin Rusiya Federasiyası Federal Məclisinə son müraciətində verdiyi prinsipial qiymətləndirmələr kontekstində Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Ukrayna taxılının ixracı və Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrinin ixracına dair İstanbul sazişlərinin həyata keçirilməsinə də diqqət yetirilib.
Rusiyadan daha çox ehtiyacı olan ölkələrə müvafiq tədarüklərin aparılmasına maneələrin aradan qaldırılması ilə bağlı “paket”in ikinci hissəsinin vicdanla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.
20:24
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, Rəyasət Heyətinin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Türkiyədə baş verən zəlzələlər və birinci ilində olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı inkişaflar müzakirə edilib.
Prezident Ərdoğan zəlzələ ilə bağlı həmrəyliyinə görə Rusiya prezidenti Putinə təşəkkür edib .
Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olması lazım olduğunu bildirən prezident Ərdoğan, İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını səmimiyyətlə istədiklərini və hər cür töhfə verməyə hazır olduqlarını bildirib.