Pakistanda keçmiş baş nazir İmran Xanın "qanunsuzluğa və iqtisadi çöküşə diqqət çəkmək üçün" başlatdığı etiraz aksiyası ilə əlaqədar Qucranvala şəhərində Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) 70 nəfər saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Xanın fevralın 22-də başladığı etirazlar davam edir. Lahor, Pişəvər və Multanda keçirilən etiraz aksiyalarından sonra Qucranvala şəhərində də analoji aksiya keçirilib.
Belə ki, şəhərdə keçirilən aksiyada 70 PTI tərəfdarı, o cümlədən məmurlar polis tərəfindən saxlanılıb.
Xan "Twitter"də verdiyi açıqlamada buna reaksiya verərək bildirib ki, hökumət etirazlar çərçivəsində saxlanılan siyasi məhbuslara “cinayətkar və terrorçu” kimi yanaşır.
Fevralın 22-də Lahorda keçirilən etiraz aksiyası zamanı PTI-nin vitse-prezidenti və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi, PTI-nin baş katibi Əsəd Ömər və partiyanın yüksək vəzifəli simalarından olan keçmiş dəmir yolları naziri Əzəm Xan Svati də saxlanılıb.
Gülayə Mecid