Kahramanmaraşın Elbistan rayonunda qurulan çadır şəhərciyində qalan zəlzələ qurbanları,"Əsrin fəlakəti" zamanı yaşadıqları qorxulu anları yerli KİV-ə danışıblar.
"Unikal" Haberler.com-a istinadən xəbər verir ki, zəlzələ zamanı övladları arasında seçim edən ana 5 yaşlı qızını dağıntılar altında tərk etdiyini dilə gətirib.
Belə ki, Elbistanda 4 mərtəbəli binanın dağıntılar altında qalan 5 uşaqlı qadın yaşadıqlarını izah edib:
"5 övladım var. Onlardan 2-si zəlzələ baş verən günü evdə deyildi. Qohumlarımın evində qalmışdılar. 2 yaşlı qızım gecə mənimlə yatmışdı. Birdən hər yer uçdu və biz dağıntılar altında qaldıq. Mən dağıntılar altından çıxmağı bacardım. 5 yaşlı qızım isə başqa otaq idi. Onu xilas edə bilmədim. Daha doğrusu övladlarım arasında seçim etmək məcburiyyətində qaldım. Mən ilk olaraq azyaşlı uşağımı çölə çıxartdım. Bundan başqa evdə baldızım, qaynanam da var idi. Həyat yoldaşım onları çıxartdı. 5 yaşlı qızım isə hələ də dağıntılar altında qalmışdı. Övladlarım arasında seçim etməli oldum. Ona görə də özümü günahlandırıram. Görəsən səhv etdim, yoxsa düz etdim. Üzərimizə çökmüş divarı bir əlimlə qaldıra bilərdim. Amma onu etsəydim 2 yaşlı körpəmi xilas edə bilməyəcəkdim. Mən heç nə edə bilmədim”.
Xatırladaq ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb olub. "Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələdə 44 mindən çox insan həyatını itirib.