"İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda istedadı olan idmançı 14-15 yaşına çatanda valideyn yol ayrıncında qalır: “Ali məktəbə qəbul üçün əlavə hazırlıq məsələsi gündəmə gəlir. Hesab edirəm ki, bu, ədalətli deyil. Nəzərə almaq lazımdır ki, bütün ölkədə idman peşakar sahəyə çevrilib. İstedadlı idmançı artıq yeniyetmə yaşlarında böyük məşqlərə hazırlaşmalıdır”.
O qeyd edib ki, ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır: “Burada söhbət böyük rəqəmlərdən getmir. Artıq ali təhsil müəssisələrində qəbul sayı 50 mindən artıqdır. Bu sayın da 60 minə yaxınlaşması nəzərdə tutulur. İl ərzində təxminən 400-500 istedadlı idmançıların universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla həm idmanın inkişafına, həm də Azərbaycan bayrağını yüksəklərə qaldırmağa töhfə vermiş olarıq”.
Anar Kəlbiyev