“Oqtay Əliyev ürəyindən əməliyyat olunmayıb. O, ümumiyyətlə, ürək xəstəsi olmayıb. Bu barədə mediada və sosial şəbəkələrdə yayılan xəbər doğru deyil”.
"Unikal" axar.az-a istinadən xəbər verir ki, bu fikirləri “SOY Production”ın rəhbəri Oqtay Əliyevin yaxınlarından biri deyib.
Onun sözlərinə görə, Oqtay Əliyev təzyiqdən müalicə alıb, amma heç vaxt ürəyindən şikayətçi olmayıb:
“Özünə baxan adam idi. İdmana gedirdi, sağlığına diqqət edirdi. Qəzaya səbəb qəfil ürəktutması olub. Ürəyini tutub, bu zaman maşın idarəetmədən çıxıb və qəza baş verib”.
Neçə gün imiş O.Əliyev ailəsi ilə birgə Novruz bayramını qeyd edirmiş. Bu gün onlar ailəliklə bağ evində toplaşmaq qərarına gəliblər. Aktrisa Mehriban Zəkini özləri ilə qonaq aparırlarmış.
Yaxınlarının bildirdiyinə görə, ailənin digər üzvləri - mərhumun qızı, kürəkəni və nəvəsi taksi ilə onların arxasınca gedirmişlər. Onlar qəzanın üstünə çıxıblar.
Qəzadan sonra Oqtay Əliyev nəfəs alırmış, amma huşu üstündə olmayıb. O, hadisə yerində keçinib.
Qeyd edək ki, martın 22-də Abşeron rayonu ərazisində “Lexus” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü, tanınmış prodüser və rejissor Oqtay Əliyev dünyasını dəyişib, onun xanımı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.