"Növbəti dəfə "Açıq mikrofon" aksiyasına üz tutaraq yaşadığımız Siyəzən rayonunun Yenikənd kəndində yerləşən yeni yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsini sizdən xahiş edirəm".
"Unikal" xəbər verir ki, bu sözləri Siyəzən sakini Teyfur Məmmədov çıxışı zamanı səsləndirib. İlham Aslanovun da müraciəti bu yöndə, yəni yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub. "Açıq mikrofon" aksiyasına sakinlərlə yanaşı, sahibkarlar da üz tutublar. Sahibkarlıq subyekti Kənan Şıxəliyev yenidən fəaliyyətə başlayan zavodda istehlak olunan təbii qaza görə debitor borcun ödənilməsi üçün güzəşt olunmasını xahiş edib. Çörək istehsalı ilə məşğul olan Nəriman Əzizov qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.
Görüş zamanı həm sakinlərin, həm də sahibkarların müraciətləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.