Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə ASAPES-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Könül İsmayılova və İctimai Sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadovanın təqdimatında “Zərərli vərdişlərə yox deyək” təlimi keçirilib.
Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, 7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar təşkil olunan təlimin əsas məqsədi Akademiyanın tələbələrini zərərli vərdişlərin fəsadları haqqında məlumatlandırmaq, onları bu vərdişlərdən uzaq tutmaq və maarifləndirmə işini təşkil etməkdir.
Təlimçilər tələbələrə zərərli vərdişlərin yaranma səbəbləri, riskləri, ailədə və ətraf mühitdə psixoloji təsirləri, tütünün həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, onun fəsadları, narkomaniya və alkoqoldan asılılığın mübarizə yolları haqqında məlumat veriblər. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil əlavəsi tələbələrin diqqətinə çatdırılıb, onları maraqlandlran suallar cavablandırılıb.