Apelin 18-də Kürdəmir rayonu Çöl-Qubalı kənd sakini 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, ilkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.