Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində Rəhbər Komitənin növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycanda səfərdə olan İNHA Universitetinin nümayəndə heyəti, Rəhbər Komitə üzvləri, Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri və BMU-İNHA İDP inzibatı heyətinin iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər, o cümlədən 2022-ci ilin maliyyə hesabatı, cari tədris ili üzrə payız semestrinin akademik nəticələri, 2023/2024-cü tədris ilinin tələbə qəbulu müzakirəyə çıxarılıb. Bununla yanaşı, 2023-cü təqvim ili üzrə planlaşdırılan fəaliyyət planı, İNHA Rəhbər Komitə üzvlərində dəyişiklik, növbəti il İNHA-da təhsil almaq üçün tələb olunan kriteriyalar, İDP-dən xaric olunma ilə bağlı yeni meyarlar və s. məsələlər də gündəliyə daxil edilib.
İclası giriş sözü ilə açan BMU-nun rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyəti, ötən dövrdə BMU-İNHA İDP-nin icrası üçün dövlət səviyyəsində verilən dəstəyi vurğulayıb. Rəhbər Komitənin Koreyanın İNHA Universitetində baş tutmuş iclasını xatırladan və orada müzakirə olunan məsələlərin nəticələrinə diqqət çəkən rektor, eyni zamanda, proqram üzrə tədrisin keyfiyyət baxımından fərqləndiyini, tədris proqramı üçün ingilisdilli müəllimlər arasından ən yaxşılarının seçildiyini bildirib. Havar Məmmədov proqrama ilk qəbul olunan tələbələr arasından ikili diplom proqramının bütün tələb və şərtlərini ödəyənlərin seçilərək, təhsillərini artıq növbəti ildən Koreyanın İNHA Universitetində davam etdirəcəyini də söyləyib.
Sonra BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli gündəliyə daxil edilən istiqamətlər üzrə geniş təqdimatla çıxış edib. Təqdimatda İDP-nin icra vəziyyəti, o cümlədən proqrama qəbul aparılan İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə nəticələr bütün tədris illərini əhatə etməklə təhlil olunub, həmçinin proqramın icrası yönündə bir sıra yeni təkliflər səsləndiirlib.
Təqdim olunan məlumatlarla bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini və direktor əvəzi Ceyhun Kərəmov, İNHA-nın tədris işləri üzrə prorektoru Keeyoung Choi, BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, İNHA-nın tədris işləri üzrə dekanı Jang-Cheon Cho, İNHA-nın Planlaşdırma və büdcə şöbəsinin dekanı Sunghyeon Baeck və digərləri öz fikirlərini bildiirblər.
İclasda Rəhbər Komitəyə yeni seçilən üzv - İNHA-nın “Qlobal Təhsil Layihəsi” qrupunun dekanı Kyungjin Min də iştirakçılara təqdim olunub.
Toplantıda gündəlikdə yer alan məsələlərlə bağlı aparılmış fikir mübadiləsi və hərtərəfli müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Rəhbər Komitənin iclasları hər semestr bir dəfə olmaqla, ildə iki dəfə keçirilir və bundan öncəki iclas İNHA Universitetində baş tutmuşdu.