Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.
"Unikal" xəbər verir ki, növbəti belə tədbir 03 may 2023-cü il tarixdə “Pirallahı Tibb Mərkəzi” PHŞ-də baş tutan könüllü qanvermə aksiyası və Pirallahı qəsəbəsinin girişində, körpünün yaxınlığında reallaşdırılan ağacəkmə aksiyası idi. Hər iki aksiyada rayon ictimaiyyəti, o cümlədən idarə və müəssisələrin kollektivləri yüksək aktivlik nümayiş etdirib.
Əsas məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də azyaşlı uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olan qanvermə aksiyasında Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılmış, daha sonra onlardan qan götürülmüşdür. Aksiyada ümumilikdə 300-ə yaxın şəxs iştirak edib.
Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında isə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH başçısı Aparatının məsul əməkdaşları və rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirak etmişdir. Pirallahı qəsəbəsinin girişində yerləşən körpünün yaxınlığındakı ərazidə baş tutan aksiya çərçivəsində 200 ədəd müxtəlif növ ağaclar əkilib.