Heydər Əliyev dühası təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda keçmiş SSRİ məkanında onun rəhbərliyi altında çalışmış şəxslərin təsüratlarında da öz əksini tapmışdır. 2001-ci ildə “Heydər Əliyev və Azərbaycan rabitəsi” kitabının hazırlandığı prosesdə Moskva şəhərinə ezam olunarkən həmin şəxslərin bəziləri ilə görüşüb ulu öndərlə bağlı xatirələrini qələmə aldım.
“Unikal” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Müşfiq Əmirovun müxtəlif tanınmış şəxslərin Ümummilli Lider Heydər Əliyevlə bağlı qələmə aldığı xatirələri təqdim edir.
1982-1987-ci illərdə H.Əliyevin keçmiş SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini işlədiyi dövrdə onun köməkçisi olmuş Camal Kamal oğlu Camalov
H.Əliyevlə mən 1982-ci il dekabrın 22-də Kremldə görüşmüşəm. Həmin ildən başlayaraq 1987-ci il fevralın ortalarına qədər onunla işləmək şərəfinə nail olmuşam. H.Əliyev keçmiş SSRİ Nazirlər Sovetinin müəyyən istiqamətlərində nazirliklərə nəzarət edirdi və bu nazirliklərin fəaliyyətinə cavabdeh idi. Yüngül Səneyi Nazirliyi, Ticarət Nazirliyi, Rabitə Nazirliyi və bir sıra nazirliklər bura daxil idi. Göründüyü kimi, onun məsuliyyət daşıdığı sahə müxtəlifliyi və genişliyi ilə fərqlənirdi. Belə mürəkkəb bir sahənin öhdəsindən gəlmək üçün şübhəsiz təkcə bilik və enerji kifayət deyildi. Həm də bunun üçün zəngin təcrübə, fitri istedad tələb edilirdi. H. Əliyevin şəxsində bütün bu cəhətlər cəmləşmişdir. Məhz buna görə SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini kimi yüksək bir vəzifəyə təyinatı bəzi bədxahları narahat etsə də, tezliklə hamı onu qəbul etməyə, rəğbət göstərməyə məcbur oldu.
Elə güman edilməsin ki, onun yanında işlədiyim üçün onu tərifləyirəm. Xeyr. Nə var onu da deyirəm. Mən sonuncu dəfə onunla 1988-ci ildə görüşmüşdüm. Sovet hakimiyyəti tarixində H. Əliyev yeganə azərbaycanlı idi ki, Siyasi Büronun üzvü olub. O, bu zirvəyə öz ağlı, zəkası, zəhmətsevərliyi, ən nəhayət fitri istedadı nəticəsində gəlib çatıb. Mən Qurban Xəlilov, Kamran Bağırov və başqa dövlət xadimləri ilə də görüşmüşəm. Lakin H. Əliyev ağıllı, geniş dünyagörüşlü, gözəl danışıq qabiliyyətinə malik bir şəxsiyyət kimi onların hamısından yüksəkdə durur. Hətta bu xüsusiyyətləri ilə o, Rusiyada da dərin rəğbət qazanıb. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur. Y. Andropov həyatdan tez köçdü. Əgər onun rəhbərliyi uzunmüddətli olsaydı, H. Əliyev daha çox nailiyyət əldə edə bilər, daha yüksək vəzifəyə çataradı. Çox təəssüf ki, Yuri Andropovdan sonra hakimiyyətə gələn dövlət xadimlərinə H. Əliyevlə işləmək heç də sərf eləmirdi, çünki ağlı, zəhmətsevərliyi və bir çox əlamətlərinə görə H. Əliyev Qorbaçovdan, Rıjkovdan və başqa dövlət xadimlərindən üstün idi. 1987-ci ildə səhhəti ilə əlaqədar H. Əliyev hakimiyyətdən getməli oldu. Doğrudur, Heydər Əliyev 1987-ci ildə düz 3 ay xəstə yatdı. Bunu hamı bilir, gizli deyil. Lakin onun Siyasi Bürodan uzaqlaşmasında təkcə səhhəti deyil, digər siyasi amillər də müəyyən rol oynadı. Belə ki, yuxarıda qeyd etdiyim kimi, Heydər Əliyev şəxsiyyəti, onun geniş dünyagörüşü, möhkəm qətiyyəti, yorulmazlığı, keçmiş İttifaqda nəzərə çarpan hörməti çoxlarını narahat edirdi. İndiki halda söhbət rabitədən getdiyi üçün qeyd edim ki, o vaxtlar SSRİ rabitə naziri V.A.Şamşin idi. H. Əliyevlə Şamşinin münasibəti yaxşı idi. O dəfələrlə kollegiyada çıxış edib ölkənin telefonlaşdırılması məsələsini qaldırırdı. H. Əliyev 2000-ci ildə hər bir vətəndaşın mənzilində telefon olmasının vacibliyini düşünürdü. Həmin dövrdə telefon çəkdirmək problem idi. İndi hər bir vətəndaşın yüksək səviyyədə istifadə etdiyi mobil telefon o vaxtlar yox idi. Qarşıda bir məsələ də dururdu. Təkcə şəhərdə deyil, həm də keçmiş İttifaqın qəsəbə və kəndlərində telefon şəbəkəsinin genişləndirilməsi, vətəndaşların bu vacib məsələyə artan tələbatının ödənilməsi qarşıda duran zəruri məsələlərdən idi.
H. Əliyevin şəhər həyatı, şəhər mühiti ilə yanaşı kənd həyatını, onun qayğılarını da mükəmməl bilməsi bu məsələyə xüsusi diqqətlə yanaşmasında mühüm rol oynayırdı. O, öz fikirlərini əvvəlcə əsaslandırır, sonra isə qətiyyətlə rəyini bildirirdi.
Mən birbaşa rabitə ilə bağlı olmasam da, H. Əliyevin bu sahəyə nə qədər ciddi diqqət yetirdiyinin şahidiyəm. Bu cür məsələlərin həllində H. Əliyev şəxsən iştirak edir, rabitə nazirinə yaxından dəstək verirdi. Açıq-aydın hiss edilirdi ki, nəzarətdə saxladığı bütün sahələrin rəhbərləri - nazirlər, şöbə müdirləri ona inanır, onu özlərinə dost sayırdılar. Belə qarşılıqlı münasibət işin daha yaxşı təşkilinə və uğur qazanılmasına təkan verirdi.
Cəsarətlə deyə bilərəm ki, digər sahələrdə olduğu kimi, rabitənin sonrakı inkişafında da H. Əliyev cənablarının qoyduğu təməl mühüm rol oynamışdır və biz hamımız buna görə bu böyük insana minnətdarıq.
Keçmiş SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini H. Əliyevin köməkçisi olmuş Vladimir Sergeyeviç Uxov
Sizin respublika ilə məni çoxdankı dostluq əlaqələri bağlayır. 1982-ci ilin sonunda H. Əliyevlə birlikdə işləmək səadəti mənə nəsib olub. H. Əliyev keçmiş SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi və xalq təsərrüfatının bir çox sahələrinə rəhbərlik edirdi. Bunların içərisində ən vacibi nəqliyyat və rabitə idi. Onu da qeyd etmək lazımdır ki, H. Əliyev nəinki rabitə sahəsinə, həm də başqa sahələrə bacarıqla rəhbərlik etməsi ilə seçilirdi. Bir çox məsələlərin həllində onun problemlərə ciddi və geniş baxışı mühüm əhəmiyyət kəsb edirdi. Mənim yadıma gəlir ki, azərbaycanlı rabitəçilərin də daxil olduğu rabitə işçiləri ilə müxtəlif görüşlərinə H. Əliyev çox ciddi hazırlaşırdı. Adətən rabitəçilər yaxşı göstəricilərini təqdim edirdilər. Xatırlayıram ki, o vaxtlar layihələrdə, planlarda rabitə xətti ilə əhaliyə göstərilən xidmətin təkmilləşməsi ön plana çəkilirdi. H. Əliyev xüsusi diqqətini rayonlarda, geridə qalmış kənd yerlərində, çox da böyük olmayan qəsəbələrdə rabitənin inkişafını daha da artırmağa yönəltmişdi.
H. Əliyev vəzifədə olduğu müddətdə keçmiş Sovet İttifaqının hər yerindən məktub və teleqramlar gəlirdi. Bunların içərisində nəinki şikayət, xahiş, etirazlar, həm də müxtəlif növ dəqiq əməli təkliflər də var idi. İldə 5-6 min məktub alınırdı. Bunların hamısını oxumaq fiziki cəhətdən mümkün deyildi, lakin o, bu məsələyə diqqətlə yanaşırdı, çünki, məktubların çoxu Azərbaycandan gəlirdi. Məktublar həyatın nəbzini hiss etməkdə ona kömək edirdi. Gözəl yadımdadır. Çox ciddi olduğu kimi, eyni zamanda səmimi və şən təbəssümlə gülümsünürdü. O vaxtlar A. Qromıko xarici işlər naziri olmaqla yanaşı, eyni zamanda SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Elə bu zaman H. Əliyevə Azərbaycandan bir nəfər teleqram göndərmişdi, orada deyilirdi:”Hörmətli H. Əliyev, eşitdim A.Qromıko birinci müavin seçilib, deyin görək Sizi hara təyin ediblər?”
Bu teleqramla əlaqədar göstəriş verdi ki, həmin vətəndaşa bildirsinlər ki, əvvəlki yerimdə çalışıram.
Onun çox maraqlı xüsusiyyəti vardı. Rabitənin inkişafı məsələlərini birtərəfli həll etmirdi. Hesab edirdi ki, rabitənin inkişafı məsələsi sahə bazası sayıldığı üçün onu kompleks şəkildə həll etmək lazımdır. Buna görə də illik, həm də 5 illik planın işlənib hazırlanmasını,rabitə sahəsi üzrə layihə və planlara baxmaq üçün dövlət iclaslarını özü aparırdı. H. Əliyev iclasda hansı məsələnin qanunlaşdırılacağını biləndə əvvəlcə rabitə naziri Şamşinlə və rabitə idarə rəhbərləri ilə görüşər, əsas istiqamətləri müəyyənləşdirərdi. Onun işgüzarlığı sayəsində rabitə sahəsi, müəyyən səviyyədə nailiyyətlər əldə etmişdi. 5 il ərzində mən bu şəxsdə çox üstün cəhətləri kəşf etdim. Bu insan sanki ekstremal vəziyyət üçün doğulub. Çünki, sakit şəraitdə sanki iş ona maraqsız gəlirdi. Rabitə sahəsində aidiyyatı olmayan 2 qəzanın baş verməsini xatırlayıram. Ulyanovskda teploxod körpüyə dəyərək qəzaya uğramışdı. Növbəti qəza isə “Admiral Naximov”un Qara dənizdə batması oldu. Bu 1986-cı ildə baş vermişdi. O vaxtlar H. Əliyev 2 həftə ərzində səhər tezdən düz gecə yarısına kimi işləyirdi. Qəzanın iştirakçısı olmuş hər bir şəxslə söhbət edərək sakitləşdirir, camaata təskinlik verir, qəzanın nəticələrini aradan qaldırmaq üçün tədbirlər görürdü. Mənə elə gəlirdi ki, bu insan ancaq nəhəng işlər görmək üçün yaranıb.
H. Əliyev tez-tez yerlərə, xarici ölkələrə yola düşürdü. Alimlərin, nazirliklərin rəhbər işçilərinin qarşısında çıxışlar edirdi. Xüsusilə, hər hansı bir bölgədə olurdusa mütləq oranın tarixi, vəziyyəti, yaşayış şəraiti ilə yaxından tanış olurdu. Mən sadə adamların hər dəfə onun necə gözəl qarşıladığını görürdüm. Çünki, o hər görüş zamanı dövlət tərəfindən, necə deyərlər, makroiqtisadi səviyyədə həll olunmuş, düzəldilmiş bir məsələnin və ya fikrini onlara aid olanını çatdırırdı və bu məni heyran edirdi. Bu 5 ildə o, öz məzuniyyətlərini həmişə doğma Vətənində - Azərbaycanda keçirirdi. Lakin işə olan diqqəti, həyəcanı olduğu kimi qalır, hər gün zəng edərək işlərin gedişi ilə maraqlanırdı. Vəziyyət necədir?. Lakin onu tapmaq çox çətin olurdu. Hər gün doğma torpağının hər bir guşəsində olurdu. Rabitəçilərin köməyi ilə onunla əlaqə yarada bilirdik. Deməli, Azərbaycanda olmaqla o, nazirliklərdə nə baş verdiyindən xəbərdar idi. Öz köməkçiləri ilə işdə çox ciddi idi, lakin şəxsi işlərdə çox hörmətlə münasibət yaradırdı. Tabeçiliyində olanlara “Siz” deyə müraciət edərək əvvəlcə oturmağı xahiş edirdi və fikrini çox diqqətlə başa salırdı. H. Əliyev göstəriş verdiyi sənədlərin çox dəqiq və vaxtında hazırlanmasını tələb edirdi. Onda çox maraq doğuran xüsusiyyət var idi, bu da müzakirə olunan məsələlərdə mütəxəssislərin rəyinə, fikrinə çox böyük diqqət göstərməsi idi. Bu xüsusiyyət bəzi dövlət xadimlərinə xas deyil, lakin H. Əliyev üçün bu vacib idi. Bu bizdə çox böyük hörmət və rəğbət hissi yaradırdı.
Moskvadan getdikdən sonra Naxçıvanda olanda da rabitə əlaqəsi yaradırdıq. H. Əliyev prezident olduqdan sonra mən Azərbaycanda olmamışam. Lakin orada vəziyyət barədə məlumatları nəqliyyat və rabitə şöbəsinin müdiri tərəfindən alırdım. O, H. Əliyevlə Azərbaycanda görüşürdü. Düzdür, görüş zamanı başqa məsələlərə baxılsa da, Moskvadakı fəaliyyətini də yada salırdı. Bütün sahələrdə vəziyyətin nə yerdə olduğu ilə maraqlanırdı.
Mənim onunla bir görüşüm də xəstəxanada müalicə edildiyi müddətdə oldu. Təxminən 2 ay o burada qaldı. Hətta xəstə-xəstə yenə də işlə maraqlanırdı, hərçənd ki, həkimlər buna icazə vermirdilər. Xəstəxananın həyətində gəzişərək mən ona məruzə edirdim. Sevimli həyat yoldaşının dünyasını dəyişməsi onu çox sarsıtmışdı. Lakin biz əlimizdən gələni edirdik ki, o darıxmasın.
Mən fürsətdən istifadə edərək Heydər Əliyevə ən gözəl arzularımı bildirir, can sağlığı, hərtərəfli müvəffəqiyyət və prezident vəzifəsində böyük nailiyyətlər arzu edirəm.
Keçmiş SSRİ rabitə naziri Vasili Aleksandroviç Şamşin
-H. Əliyevlə mən 1980-ci ildə İntersputnik sisteminə daxil olan 20 ölkənin rabitə idarə rəhbərləri iştirak edirdi. Biz H. Əliyev tərəfindən Azərbaycan KP Mərkəzi Komitəsinin binasında çox gözəl qarşılandıq. Aparılan söhbətlər çox səmimi idi. Daha sonra biz H. Əliyevlə görüşdük. Bu dəfə biz Azərbaycanda rabitə vasitələrinin vəziyyəti və inkişafı barədə konkret məsələləri müzakirə edirdik. Bundan əvvəl yeni obyektlərin tikintisinə baxmağa çıxmışdıq.
H.Əliyev Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonra o, nəqliyyat və rabitə sahəsinə də nəzarət edirdi. Əlbəttə, bu müddətdə biz onunla dəfələrlə həm şəxsən, həm də telefonla əlaqə yaradırdıq. Aramızda səmimi ünsiyyət, qarşılıqlı etimad və etibarlılıq münasibəti yaranmışdı. O, tez-tez zəng vuraraq müəyyən məsələlərin həllində hansı köməyə ehtiyac duyduğumuzu soruşurdu. Nəqliyyat və rabitə sahəsinə yenicə kuratorluq etməyə başlamışdı ki, faciə ilə nəticələnən qəza baş verdi. Bu qəza Novorossiyskdə olmuşdu. Çoxlu insan tələfatı, onların qohumlarının kədəri, ümumiyyətlə çox ağır vəziyyət idi. Qəza nəticəsində xeyli insan həlak olmuşdu. H. Əliyev həlak olanların qohumlarına, yaxınlarına ürək-dirək verir, söhbətlər aparırdı. Bu H. Əliyevin yüksək humanizmini göstərirdi.
H.Əliyev qəzanın təhqiqi üzrə dövlət komissiyasının sədri idi. O, çox həyəcan keçirirdi. Təsadüfü deyil ki, sonra o xəstələndi. Bir tərəfdən də həyat yoldaşının vəfatı onu çox sarsıtmışdı. Qəzadan 3 gün sonra Nazirlər Sovetinin rəyasət heyətinin iclası olmalı idi. Burada kənd rabitəsinin inkişafı məsələsinə baxılmalı, rəyasət heyəti qərar qəbul etməli idi. Heydər Əliyev məni yanına çağırdı və böyük həcmli vacib proqram barədə söhbət apardı. Şübhəsiz, burada maddi- texniki məsələlər, mexanizasiya üzrə işçi heyətinin hazırlanması və s. məsələlər yaranmışdı. O, bütün bunları ətraflı nəzərdən keçirib müzakizə etdi.
Onu da qeyd etməyə bilmərəm ki, ölkənin telefonlaşdırılmasında H.Əliyevin böyük xidməti olmuşdur. Bu çox boyük proqram idi. Qısa müddətdə elektrik rabitəsinin 2 dəfə artması nəzərdə tutulurdu.
Buraya həm də yerli rabitə, regionlararası rabitə aid idi. Sonra isə kabel və bir sıra avadanlıqların istehsalı üçün əlbəttə, lazımi qədər gərgin iş görülməli idi. Bunun üçün H. Əliyev maliyyyə naziri, yerli ticarət naziriyi, elektron və rabitə vasitələri sənayesi nümayəndələrindən ibarət müşavirə keçirdi.
Hər ikimiz pensiyaya çıxmışdıq və pansionatda istirahət edirdik. Biz onunla tez- tez həyətdə gəzişirdik.Bir gün gəzinti zamanı Heydər Əliyev dedi ki, Naxçıvana qayıdır. Onda mən ona bildirdim ki, Sizin xəstəliyiniz bir tərəfdən, o biri tərəfdən də Azərbaycanda, xüsusilə Naxçıvanda vəziyyət yaxşı deyil, Sizə çox çətin ola bilər. O qətiyyətlə dedi ki: “ O insanlarla mən uzun müddət işləmişəm və yaşamışam. İndi onlar çox ağır vəziyyətdə olduqları halda mən özümü necə rahat hiss edə bilərəm?. Uzun müddət Naxçıvanda rəhbər olmağım məni buna məcbur edir”.
12 il keçib. Mən indi rabitə sahəsinin rəhbəri olmasam da,rabitəçilər orda baş verən hallarla məni tanış edirlər. Məni texniki şüarlarla dəvət edirlər, yəni əlaqələr davam edir. O vaxtlar avadanlıqlar, kabel istehsalı çatmırdı, bu da Rabitə Nazirliyinin ən böyük qayğılarından biri idi. Ehtiyatlar, vasitələr axtarırdıq. Onların müəyyən hissəsini Rumıniya, Polşa, Bolqarıstan və başqa ölkələrdən alırdıq. Söhbət maliyyədən getdikdə Heydər Əliyev bizi dəstəkləyir, heç vaxt məhdudlaşdırmırdı, çünki biz planı artıqlaması ilə yerinə yetirirdik.
Ümumiyyətlə, keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda rabitənin inkişafında H. Əliyevin xidmətləri misilsizdir. Sevinirəm ki, Azərbaycan, həmçinin rabitə bu qüdrətli şəxsiyyətin başçılığı ilə inamla inkişaf edir.
H.Əliyevə can sağlığı və prezident kimi uzun müddətli fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.
Keçmiş SSRİ rabitə nazirinin birinci müavini Gennadi Georgiyeviç Kudryavtsev
- Keçmiş Sovet İttifaqında rabitə nazirinin birinci müavini olduğum müddət ərzində Azəarbaycan da daxil olmaqla, bütün respublikanın rəhbərləri ilə görüşürdüm. Azərbaycanda bəlkə 10 dəfədən çox olmuşam. Biz həmişə bu respublikanın inkişafını keçmiş Sovet İttifaqı rabitə sisteminin ümumi inkişafı ilə əlaqələndirirdik. Cənab H. Əliyev birinci müavin işlədiyi müddətdə bu münasibətlər daha da möhkəmləndi çünki o,bütün məsələlər kimi rabitə vasitələrinə də çox diqqətlə yanaşırdı. Mən çox tez-tez Hökümət evində olurdum. Yadımdadır, o vaxt rabitə naziri ezamiyyətdə və yaxud məzuniyyətdə olduğu müddət ərzində mən onun vəzifəsinin icra edirdim. Bu, mənə Heydər Əliyevlə daha tez-tez görüşmək imkanı verirdi. Hamı kimi mən də onun dərin biliyinə, zəngin təcrübəsinə, güclü məntiqinə heyran olmuşdum. Heydər Əlirza oğlunda çoxlarını təəcübləndirən bir cəhət də onun tükənməz enerjiyə malik olması idi. Etiraf edim ki, ağır, ləng davranışlı rəhbərlər ararsında Heydər Əliyevin işguzarlığı, operativliyi, məsələlərin mahiyyətini düzgün dərk edərək tam vaxtında fəaliyyət göstərməsi, qurub-yaratmaq həvəsi son dərəcədə açıq nəzərə çarpırdı. O da hiss edilirdi ki, ittifaq miqyaslı məsələlərə tam diqqətlə yanaşan bu böyük şəxs bir an belə Azərbaycandan ayrılmır, həmişə onun tərəqqisi haqqında düşünür. Bütün respublikaların iştirakı ilə keçmiş Sovet İttifaqında yeganə avtomatlaşdırılmış şəbəkənin, televiziya və radiostansiyaların tikintisi üçün variantlar işləndiyi halda, Azərbaycanın Astara rayonunda televiziya stansiyasının tikintisi həyata keçirilirdi. Bundan əlavə Zaqafqaziya respublikalarında Azərbaycan-Gürcüstan, Azərbaycan-Dağıstan arasında kabel və radio-rele magistralının tikintisini genişləndirdik. Keçmiş Sovet İttifaqının tabeliyində bu işlə olan bir müəssisənin mərkəzi Tibilisidə idi. Azərbaycanda isə müəssisələrdən biri yerləşirdi. Bu, ölkələrlə qarşılıqlı əlaqə yaradan İttifaqın magistral rabitə qovşağı idi. O vaxt zəzələ və başqa təbii fəlakətləri nəzərə alaraq şəhərlərarası rabitə qovşaqları tikdirmişdik.
Mən Azərbaycanın Quba rayonunda olmuşam. Çox yaxşı yadımdadır, o vaxtlar Azərbaycanın rabitə naziri general-leytenant Rəsulbəyov idi. Mən onunla çox görüşmüşəm. Rəsulbəyovun vəfatı ilə əlaqədar mən Azərbaycan gəldim və burada H. Əliyevlə görüşdüm. Bununla bərabər yeni nazir Axundovla görüşdük və gələcəkdə inkişafla bağlı bir sıra məsələləri müzakirə etdik.
H.Əliyev keçmiş İttifaqın Rabitə Nazirliyinin yekun kollegiyasında iştirak edirdi. Bu kollegiyada Azərbaycan da daxil olmaqla bütün respublikaların nazirləri çıxış etdilər. Heydər Əliyev çox sakit, möhkəm, düşüncəli, vəziyyəti düzgün qiymətləndirməyi bacaran və çox düzgün nəticə çıxaran bir şəxsiyyətdir. Mən bir vaxtlar H.Əliyevlə ünsiyyətdə olduğum üçün fəxr edirəm. Azərbaycanla olan münasibətlərə gəldikdə isə dostluq, yoldaşlıq davam edir. Mən Beynəlxalq Kosmik Rabitə Təşkilatında çalışıram. Bir neçə il bundan əvvəl mən bütün rabitə rəhbərlərini İsraildə topladım. Bu görüşdə Azərbaycanla, Zaqafqaziya respublikaları ilə, Tükmənistan və Özbəkistanla Rusiya arasında peyk rabitə sisitemindən istifadə etməklə qarşılıqlı əlaqələr müzakirə olundu.
Beynəlxalq aləmdə Azərbaycan rabitəsinə göstərilən münasibət hər şeydən əvvəl Heydər Əliyev şəxsiyyətinə olan ehtiramla bağlıdır. Şəxsən mən Azərbaycanda rabitənin inkişafını müntəzəm izləyirəm. Əminliklə bildirirəm ki, sizdə bu sahədə qazanılan uğurlar Heydər Əliyevin rabitəyə və rabitəçilərə müntəzəm qayğısının təzahürüdür.
Səmimiyyyətlə qeyd etmək istəyirəm ki, bir əməkdar rabitəçi kimi rabitəni sevən bütün insanlara böyük hörmətim var. Bu nöqteyi nəzərdən Heydər Əliyev cənablarına ehtiram bəsləyir,ona uğurlar diləyirəm.
Keçmiş SSRİ Rabitə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Yevgeni Alekseyeviç
Heydər Əliyevlə mən 2 dəfə görüşmüşəm. Birinci görüşümüz keçmiş SSRİ-nin Rabitə Nazirliyinin kollegiyasında oldu. O, kollegiyada çox maraqlı çıxış elədi. Onun çıxışı nə mənada diqqəti cəlb edirdi. Hər şeydən əvvəl H.Əliyev heç bir kağıza, necə deyərlər, “şparqalka” baxmadan ardıcıl, səlis, məntiqli danışırdı. Digər tərəfdən hiss edilirdi ki, o rabitənin bütün problemlərini dərindən bilir. Cənab Heydər Əliyev bu problemlərin yaranma səbəblərini çox əsaslı açıqlayır və onların aradan qaldırılması yollarını dəqiqliklə göstərirdi. Mənim rabitə sahəsində lazımi bilik və səriştəm olsa da,açıq etiraf edim ki, H. Əliyevin bu işi belə dərin bildiyinə görə ona qibtə edirdim. Bir dəfə mən dostum olan səhiyyə nazirinə H.Əliyevin rabitəni dərindən bildiyini söyləyəndə, o gülərək dedi ki, buna tam inaniram, amma səhiyyəni daha dərindən bilir. Həqiqətən də cənab H. Əliyevin öhdəsində olan, cavabdeh olduğu sahələrin hər birinin rəhbəri elə bilirdi ki, H. Əliyev məhz həmin sahə üzrə mütəxəssisdir. Bu dərəcədə zəngin, hərtərəfli biliyə malik olan H. Əliyev eyni zamanda son dərəcə təvazökar, sadə və səmimi idi.O təkcə nazirlə deyil, bütün kollegiyanın iştirakçıları ilə danışırdı, elə bil ki, o da kollegiyanın üzvü idi.Biz onunla məsələlərin layihəsini həmkar kimi müzakirə edirdik. Heydər Əliyevlə ünsiyyət mənədə çox yaxşı təəssürat yaratdı.
Bizim ikinci görüşümüz isə tamam başqa bir şəraitdə oldu. O artıq istefaya çıxmışdı və Moskvanın mərkəzində Mişurin prospektində yerləşən xəstəxanada müalicə olunurdu. Bu vaxtlar mən də xəstə idim. Bir gün H. Əliyevin xəstəxana həyətindəki cığırla çox fikirli gəzişdiyinin şahidi oldum. O, çox vaxt tək və yaxud onu ziyarət etməyə gələn oğlu ilə birlikdə gəzişirdi. Ona heç kimin yaxınlaşmadığını gördükdə mən çox təəccübləndim. H. Əliyevlə tanış olduğum üçün ona yaxınlaşaraq özümü ona təqdim etdim. Onun çox gözəl yaddaşı olduğu üçün məni tanıdı. Biz onunla bağçada,xiyabanda gəzişərək müxtəlif problemləri müzakirə edirdik. Onun nikbinliyi qarşılaşdığı ədalətsizliyə, taleyinin ən ağır zərbəsinə mətanətlə sinə gərməsi, sınmaması məni heyran etdi.
H.Əliyev Azərbaycan barədə o qədər gözəl sözlər söylədi ki,bu da məndə dərin iz buraxdı. Ona görə mən Azərbaycana qonaq gəldikdə bütün respublikaya H. Əliyevin gözü ilə baxıram.
1999-cu ilin noyabr ayında rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatının Rabitə Müdiriyyətləri Başçıları Şurasının yığıncağının Bakıda keçirilməsi və mənim bu tədbirdə şəxsən iştirakım da təsadüfü deyildi. Müharibə şəraitində, sınaq dövründə yaşayan Azərbaycanda gördüyüm sabitlik, inkişaf, gələcəyə inam H. Əliyev cənablarının nəyə qadir olduğunun əyani təsdiqi kimi məni çox məmnun etdi. Ölkə başçısının respublikada rabitəyə göstərdiyi qayğı və dəstək açıq-aydın hiss edilir. Razılıqla bildirmək istəyirəm ki, MDB dövlətləri sırasında ən müasir formada rabitə sahəsində təşkil edilmiş tədris mərkəzlərindən birinin Bakıda yaradılması da məhz prezidentin dəstəyi və rabitə nazirinin işə məsuliyyətlə yanaşmasının nəticəsidir. Respublikada rabitəyə göstərilən diqqət və qazanılan uğurlar beynəlxalq aləmdə Azərbaycan rabitəçilərinin imicinin artmasına müsbət təsir göstərir. Bu il Düşənbədə keçirilən 25-ci iclasda iştirak edən Azərbaycan Respublikası Rabitə Nazirliyinin nümayəndələrinin fəallığı da onların müdrik rəhbərinin qayğısından güc aldığının təsdiqidir. Necə deyərlər, başqa sahələrə müdaxilə etmədən bir rabitəçi kimi mən, Azərbaycan prezidenti Heydər Əliyevin rabitəyə və rabitəçilərə göstərdiyi qayğıya onların daha dərin sevgi, daha güclü əzmkarlıqla cavab verəcəklərinə tam inamımı bəyan etməyi özümə təkcə dostluq borcu deyil, həm də insanlıq borcu sayıram.
Bir məsələyə də toxunmaq istəyirəm: Mən özüm də marka toplayıram. Mənim diqqətimi cəlb edən o oldu ki, müstəqil Azərbaycan tərəfindən buraxılan markalar içərisində H. Əliyevin fəaliyyətinə həsr olunmuş markalar da var. Bu da Heydər Əliyevin böyük nüfuz qazanmasından irəli gəlir.
Rusiyanın rabitə və informasiya naziri Leonid Dodocanoviç Reyman
Mən istərdim əvvəlcə son illər Rusiyada rabitənin inkişafı haqda qısaca danışım. 2000-ci il Rusiya telekommunikasiyası üçün yaxşı il oldu. Bu ilin yazında Rusiya Federasiyasının Rabitə və İnformasiya Nazirliyinin genişləndirilmiş yekun kollegiyası keçirilmişdi. Nazirliyin və Dövlət Statistika Komitəsinin fikrinə görə poçt və informatizasiya, elektrik rabitəsinin inkişafı göstəricilərinin həcminə görə təxminən 40 faizini təşkil edir. Bu, çox yaxşı göstəricidir. Bu heç də təsadüfi deyil, çünki telekommunikasiya bu gün ölkənin və əhalinin mədəni həyatında böyük yer tutur. Onlar iqtisadiyyatın inkişafı üçün əsas amildir. Telekommunikasiya və informatizasiyaya böyük diqqət və əhəmiyyət verilməsi heç də təsadüfi deyil. Əlbəttə, MDB ölkələrində rabitənin inkişafını uzlaşdıran, telekommunikasiyanın inkişafında mühüm rolu olan Regional Əməkdaşlıq Təşkilatıdır. 10 il bundan əvvəl yaranan şəhərlərarası, beynəlxalq poçt və telekommunikasiyanın mübadiləsində böyük rolu olan Regional Əməkdaşlıq Təşkilatı son zamanlar infotelekommunikasiya ilə daha çox məşğul olmaq üçün ciddi qərarlar qəbul edilib. Bu yaxınlarda Düşənbədə keçirilən iclasda Regional Əməkdaşlıq Təşkilatı çərçivəsində MDB dövlətlərinin informatiyasiyası üzrə ittifaqın yaranması barədə qərar qəbul olunub. İttifaq MDB dövlətlərində infotelekommunukasiyanın inkişafının uzaqlaşması ilə məşğul olacaq və bu inkişafı razılaşdırılmaqla MDB dövlətlərinin informatizasiya məkanına çıxmasına imkan yaradacaqdır.
Azərbaycanın rabitə rəhbərləri Regional Əməkdaşlıq Təşkilatı yaradandan onun işində çox fəal iştirak edir. Bu, bir tərəfdən MDB dövlətləri arasında şəhərlərarası və beynəlxalq trafikin, poçt mübadiləsinin inkişaf etməsinə, digər tərəfdən isə Azərbaycanın keçmiş Sovet məkanında pozitiv yer tutmasına şərait yaratdı. Keçən il Regional Əməkdaşlıq Təşkilatının iclası Azərbaycanın Bakı şəhərində keçirildi. Bizi orada çox yaxşı qarşıladılar. Gözəl şəhərdir və insanları da çox xeyirxahdır. Azərbaycan telekommunikasiyasında və xalqın mədəni, iqtisadi həyatında sürətli inkişaf var. Əminliklə bildirirəm ki, bu inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.
Azərbaycanla Rusiya arasında olan mövcud əməkdaşlığın, o cümlədən rabitə sahəsindəki sıx əlaqələrin daha da inkişaf etdirilməsi də, sözsüz ki, hər iki ölkə rəhbərinin yeritdiyi siyasət sayəsində mümkün olub. Mənə məlumat veriblər ki, Sizin Moskvaya gəlişinizin səbəbi “Heydər Əliyev və Azərbaycanda rabitənin inkişafı” adlı kitabın hazırlıq işlərinin davamıdır. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, dərin zəka sahibi olan Azərbaycan prezidenti Heydər Əliyev və onun gördüyü işlər haqda çox şeylər eşitmişəm və şahidi olmuşam. Ancaq bu gün bir nazir kimi mən bunu həm Azərbaycanın öz daxilində, eyni zamanda Azərbaycanla Rusiya arasındakı bütün əlaqələrin genişmiqyaslı inkişafında bir daha şahidi oluram. Azərbaycan prezidenti cənab Heydər Əliyevin rabitəyə xüsusi əhəmiyyət verdiyini Rusiyada da yaxşı bilirlər. O, keçmiş SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi dövrdə Rusiyanın, eləcə də digər İttifaq respublikalarının rabitə sisteminin inkişaf etdirilməsi üçün çox böyük işlər görüb.
İndi isə bizə məlumdur ki, Azərbaycanda rabitənin sürətlə inkişaf etdirilməsi məhz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsinin nəticəsidir. Mən deyərdim ki, Azərbaycanda telekommunikasiyanın inkişaf tempi MDB ölkələri arasında xüsusilə seçilir. Bu cür inkişaf onu göstərir ki, bütün bunların hamısı Azərbaycan prezidenti Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin bəhrəsidir.