Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ordubadda 20 il əvvəl baş verən qətl barədə birgə məlumat yayıb.
"Unikal" xəbər verir ki, məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib.
Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyeva qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub.
Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.
Faktla bağlı Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb.
Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*** 12:42
Naxçıvan Muxtar Respublikasında 20 il əvvəl bacısını qətlə yetirib, meyitini basdıran şəxs tutulub.
Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb, həyətyanı sahədə basdırması müəyyən edilib.
Məlumata görə, E. Tarverdiyev tutularaq istintaqa təhvil verilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.