Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin və psixotrop maddələrin satışını və paylanılmasını təşkil edən şəxs saxlanılıb. Ondan ümumi çəkisi 1 kiloqram 354 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıllı rayon sakini Elmir İsgəndərov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qram heroin, 400 qramdan artıq tiryək və 302 qram metamfetamin aşkarlanıb. Araşdırma zamanı Elmir İsgəndərovun həmin narkotik vasitəni pul qarşılığında paytaxtdan Qəbələyə satış məqsədilə gətirdiyi müəyyən edilib.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə E.İsgəndərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.