"Əvvəla, dövlət strukturunun siyasi baxışı ilə bağlı belə bir bəyanat Ermənistanın və onun xalqının müstəsna hüququdur".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan nizamlanması məsələsində vasitəçidir: "Bu baxımdan dövlətin, indiki halda Ermənistanın bu məsələdə aydın mövqeyi bizim üçün vacibdir. Bu, sadəcə mövzu və ya məsələ deyil, uzun illərdir davam edən münaqişədir... Ona görə də irəli getmək üçün imzalanmış sənədlər də daxil olmaqla, dövlətin bu məsələdə dəqiq mövqeyini bilmək lazımdır".
Zaxarova qeyd edib ki, Rusiya XİN Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması barədə bəyanatını 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Praqa bəyanatının təsdiqi kimi qiymətləndirir: "Həmin bəyannamədə keçmiş SSRİ dövlətləri arasında inzibati sərhədlər dövlətlərarası sərhəd kimi tanınır. Biz dəfələrlə qeyd etmişik ki, Praqada əldə olunan razılaşma Bakı-İrəvan danışıqlarına keyfiyyətcə yeni çərçivə verib".
Eyni zamanda diplomat bildirib ki, Paşinyanın bəyanatları Ermənistanın özündə və Artsax erməniləri arasında birmənalı olmayan reaksiyaya səbəb olub, lakin bunlar daxili siyasi mübahisələrdir: "Sülh müqaviləsinin layihəsinə gəlincə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Moskvada danışıqların sonuncu raundu tərəflər arasında qarşılıqlı anlaşmanın yaxşılaşmasına və bir sıra məsələlər üzrə mövqelərinin yaxınlaşmasına töhfə verib".
Ağarza Elçinoğlu