Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Namiq Əliyev (ad-soyad şərtidir) verdiyi ifadəsində bildirib ki, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib:
“Qonşum Rafael Həbillayev özünün “Toyota Prius” markalı avtomobilini həmişə mənim “Nissan Sunny” markalı maşınımın yanında saxlayırdı. Bir gün avtomobilimin yanına gələndə onun ön hissəsinin zədələndiyini gördüm. Bunu Rafaelin etdiyindən şübhələndim, çünki mənim maşınıma onun avtomobilinin rəngi bulaşmışdı.
Bu barədə Rafaelə irad bildirdim, o isə əsəbiləşdi və məni təhqir etdi. Dava etməyə başladıq. Maşınımdan götürdüyüm mətbəx bıçağı ilə Rafaelə ağır xəsarətlər yetirdim”, - deyə o qeyd edib.
Rafael bıçaqlandıqdan sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qonşusunu bıçaqlamaqda təqsirləndirilən N.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Murad İbrahimli