Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların pul vəsaitlərini ələ keçirən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəliyev saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Kənan Mirzəliyev zərərçəkəni ona dəyəri 6 400 manat olan təmir-tikinti materialları satacağı vədini verərək aldadıb. Həmin şəxs Kənan Mirzəliyevin kartına pulu köçürəndən sonra isə sonuncu onunla əlaqəsini kəsib. Saxlanılan şəxsin eyni üsulla paytaxt ərazisində daha bir neçə şəxsi aldatdığı da müəyyən edilib.
Kənan Mirzəliyev barəsində 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.
“Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd edilib.