Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci taqımının əməkdaşları tərəfindən keçirilən tədbirlərlə özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan Şabran rayon sakini Ruhid Rəsulov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Xaçmaz rayonunun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb.
Həmin şəxs ifadəsində əməllərini etiraf edib.
Faktla bağlı araşdırmalar başlanılıb və məhkəmənin qərarı ilə Ruhid Rəsulovun barəsində həbs qətimkan tədbiri seçilib.