İsrailin paytaxtı Təl-Əvivin polis rəisi Ami Eşed ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirdən aldığı təzyiqləri əsas gətirərək istefa verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis rəisinin istefası başda Təl-Əviv olmaqla ölkə daxilində etirazlara səbəb olub. 

Eşed istefa verdiyini elan etdikdən az sonra Təl-Əvivdə minlərlə insan küçələrə axışıb. Təl-Əvivdə nümayişçilər İsrail bayraqları ilə Ayalon şossesini saatlarla iki istiqamətdə bağlayıb.

İsrail polisinin atlı polis bölmələri güc tətbiq edərək baş verən hadisələrə müdaxilə edib. 

Məlumata görə, hökumət əleyhinə nümayişlərə qatılan qruplar ölkə boyu 30-a yaxın yerdə küçələrə çıxıb. Polis azı 25 nəfəri saxlayıb.

Qeyd edək ki, Eşed Təl-Əvivdə hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı aylarla davam edən etirazlara yumşaq müdaxilə etdiyi üçün əvvəllər Ben-Qvir tərəfindən işdən çıxarılıb, lakin sonradan vəzifəsinə bərpa edilmişdi. 

Ağarza Elçinoğlu