Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayonun Küçəkənd kənd sakini Dilqəm Abdullayev saxlanılıb.
Həmin şəxsin üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı heroin və marixuana, yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidən isə sonuncu tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu aşkar edilərək maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Bağman kənd sakini Vüqar Kərimov da saxlanılıb. Həmin şəxsin üzərindən və avtomobilindən isə marixuana aşkarlanıb.
Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar aparılır.