Yevlaxda əmisinə məxsus 90 min dolları oğurlayan və yerinə saxta pul qoyan 29 yaşlı Bəxtiyar Məmmədovun məhkəməsi keçirilib.
"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, Varvara kəndində yaşadığı evin zirzəmisində gizlədilən pulları gizli talayan gənc Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Bəxtiyar Rusiyada biznes fəaliyyəti ilə məşğul olan əmisinin pullarının ata-anası tərəfindən evdə gizlədilməsini öyrənib. O, anasının tez-tez evin zirzəmisinə girib-çıxdığını görərək şübhələnib və orada axtarış aparıb. Bu zaman B.Məmmədov zirzəmidə iki ədəd dondurma qabının içərisində səliqəli şəkildə yığılmış dollarları görüb. O, 2022-ci ilin iyul-noyabr ayları ərzində hissə-hissə 90 min dollar (153 min manat) oğurlayaraq Mingəçevirə gedib və dollarları Azərbaycan manatına çevirərək öz kartına qoyub. Bu müddət ərzində Bəxtiyar oğurladıqları pulun 30 min dollarını qayınanasına verib və qohumlarının köməkliyi ilə ev alıb. Həmçinin Bəxtiyar oğurladıqları pulların yerinə üzərinə “keçərsizdir” yazılmış saxta pulları qoyub.
Ötən ilin sonunda Bəxtiyarın əmisi pullarını istəyərkən 90 min dolların oğurlanması və yerinə etibarsız valyutanın qoyulması məlum olub. Aparılan araşdırmalarla pulların ailənin oğlu tərəfindən oğurlanması müəyyənləşib.
Məhkəmədə zərərçəkən şəxs B.Məmmədovla barışdığını və ondan şikayətçi olmadığını deyib. Həmçinin təqsirləndirilən şəxsin 2 körpə övladının olması qeyd edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Məmmədova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. İstintaq müddətində həbsdə saxlanılan şəxs hökmün elan edilməsindən sonra məhkəmə zalından azadlığa buraxılıb.