Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.

Bu barədə "Unikal"a FHN-dən bildirilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib.

***18:14

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.

Bu barədə "Unikal"a FHN-dən bildirilib.

Yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***17:22

Xızıda dağlıq-meşəlik ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır", - məlumatda qeyd edilib.

***16:33

Xızıda dağlıq-meşəlik ərazi yanır.

Bu barədə “Unikal”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə rayonun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik reylefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir", - məlumatda qeyd edilib.