Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov saxlanılıblar.
Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 000 manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6 100 manat pul alıblar.
Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Sabirabad RPŞ-yə müraciət etmələri xahiş olunur.
***09:16
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu şantaj edən şəxslər həbs edilib.
"Unikal" xəbər verir ki, Azər Həsənov və Zamin Əmirov direktor müavinini rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 15 min manat pul tələb ediblər.
Hər iki şəxs B.Mikayılovdan 2600 manat pul alarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.