Qaxda baş verən silahlı insidentin təfərrüatları bəlli olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, rayonun Almalı kənd sakini 1992-ci il təvəllüdlü Turan Kamil oğlu Məmmədovla onun qohumu Dəymədağlı kənd sakini Cavidan Məmmədovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cavidan Turanı ov tüfəngi ilə ayağından güllələyib. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Mübahisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli

***

09:27

Ötən gün axşam saatlarında Qax rayonunun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, ilkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.