Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Arbatan kənd sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayan Elnur Bağırov saxlanılıb.
Onun məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan 338 qrama yaxın heroin, metamfetamin, 1 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Qaraçala qəsəbə sakini Rahil Kərimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 8 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.