Əlcəzair Xarici İşlər Nazirliyi Danimarkanın səfiri Vanessa Veqa Saenz və İsveçin müvəqqəti işlər vəkili Byorn Haqqmarkı bu ölkələrdə müsəlmanların müqəddəs kitabına hörmətsizlik edilməsi hallarına görə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc olunmuş bəyanatında deyilir.

“Kopenhagen və Stokholmda Quranın yandırılması və təhqir edilməsi ilə bağlı dəfələrlə baş verən hadisələri nəzərə alaraq, Xarici İşlər Nazirliyi bu gün Danimarkanın Əlcəzairdəki səfirini, eləcə də İsveçin Əlcəzairdəki müvəqqəti işlər vəkilini onlara rəsmi etiraz etmək üçün çağırıb”, - sənəddə deyilir.

Əlcəzair nazirliyi həmçinin hər iki ölkənin hakimiyyətini “beynəlxalq hüququn bütün normalarına zidd olan bu cür hərəkətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə” çağırıb. Departamentin vurğuladığı kimi, Quranın təhqir edilməsi "yalnız nifrət doğurur və islamofobiyanın inkişafına töhfə verir".

Bazar ertəsi səhər saatlarında kiçik bir qrup etirazçı İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb . Məlumata görə, aksiyanı “Danimarka Patriotları” sağçı radikal qruplaşması həyata keçirib. İyulun 21-də müsəlmanların müqəddəs kitabını da elə həmin yerdə yandırıblar.