Bərdə-Yevlax dəmiryolu xəttində qəza ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, iyulun 25 iyul saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb.
Qəza ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır. Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, 25 iyul saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Chevrolet Cruze"markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.