Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasında, Kür çayının Neftçala rayonu, Təngərüdçayın Astara rayonu ərazisindən keçən hissəsində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Unikal”a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xaçmaz rayon sakini Bəhruz Mahmudov, Yevlax rayon sakini Samir Rəsulov, Neftçala rayon sakinləri Əlvan Cahangirov, Pərviz Əliyev, Astara rayon sakini Gülverdi Baxşiyev və Mingəçevir şəhər sakini Natiq Qənbərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - Məhəmmədov bildirib.
Xidmət rəsmisi onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Qazax və Neftçala rayonları ərazisindən keçən hissəsindən 1080 metr uzunluğunda sintetik tor yığışdırılıb.