"2020-ci ilin sentyabrın 25-də Rusiyaya hərbi təlimlərə göndərildim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədi ilə yenidən işgüzar səfər çərçivəsində NATO üzvü olan ölkədə oldum. Ayın 26-da axşam, müharibə başlamazdan əvvəl mən təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim".  

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan parlamentin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının iclasında deyib.

"Ayın 27-si səhər mənə məlumat verildi. Və bundan sonra Ermənistan Baş naziri ilə söhbətim oldu. Pandemiyanın pis vəziyyətini nəzərə alaraq Ermənistana qayıtmaq üçün iki-üç saat ərzində güclə təyyarə tapdıq. Qayıdışımda maneələr oldu. Mən Gürcüstan vasitəsilə qayıtdım. Sentyabrın 28-də səhər saat 4-də mən artıq İrəvanda idim", - Tonoyan ifadə edib.