"Euronews” telekanalı Laçında aparılan bərpa işləri ilə bağlı reportaj hazırlayıb.
"Unikal" xəbər verir ki, reportajın müəllifi qeyd edib ki, Azərbaycanın qərbində yerləşən Laçın şəhəri nəhəng tikinti meydançasına bənzəyir.
"Hara baxırsan bax, Ermənistanla Azərbaycan arasında son genişmiqyaslı müharibənin izlərini silmək cəhdlərini görmək olar. Tanklar tikinti maşınları ilə əvəzlənib. Buradan didərgin düşmüş insanların Laçına qayıtması üçün infrastrukturun bərpası və yenidən qurulmaya böyük məbləğdə vəsait qoyulub”, - “Euronews”un müxbiri Anelis Borjes bildirib.
Jurnalist Laçın rayon sakini Hikmət Məmmədovla da söhbətləşib.
"Bura mənim ulu nənələrimin və babalarımın yurdudur. Bu da mənim nənə və babalarımın evidir", - H.Məmmədov bildirib.
O, ailəsinin evinin də burada olduğunu qeyd edib.
Jurnalist: Burada doğulmadığınızı deyirsiniz, amma laçınlı olduğunuzu hiss edirsiniz. Buna səbəb nədir?
Hikmət Məmmədov: Valideynlərim, nənəm və babam həmişə Laçın haqqında danışıblar.
Jurnalist: Nələrdən bəhs edirdilər?
Hikmət Məmmədov: Özlərini pis hiss edirdilər, Laçın üçün darıxırdılar.
H.Məmmədov “Euronews” müxbirinə anasının, dayı və xalalarının doğulub böyüdüyü, nənə və babasına məxsus evi də göstərib.
Reportajda qeyd edilib ki, ailə geri qayıdan zaman çətin anlar yaşayıb. Məsələn, onlar ən yaxın qəbiristanlıqda nənə və babalarının məzarlarını axtararkən bu hissləri keçiriblər.
"Burada hər yer məzarlarla dolu idi. Bu, birinci, bu, ikincidir. Və gördüyünüz kimi, üçüncü tamamilə qazılıb. Hətta ağacların altında da məzarlar var idi. Biz bura qayıdanda hər yer insan sümükləri ilə dolu idi. Bu, babalarımızın, nənələrimizin, sevdiklərimizin, gənclərimizin sümüklərinin qalıqları idi... Bunu kim başa düşə bilər?”, - Laçından qayıdan sakinlərdən biri bildirib.
"Hazırda iki tərəfi birləşdirən yeganə məqam ağrı-acılar ola bilər. Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar davam etdiyi dövrdə dayanıqlı sülhə gedən yol insanlardan keçməlidir", - reportajda qeyd olunub.