Ukraynada bütün regional hərbi komissarlar işdən azad olunur.

"Unikal" xəbər verir ki, onları cəbhədə olmuş hərbçilər əvəz edəcəklər. Bu barədə ölkə prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib. O, Milli Təhlükəsizlik Şurasının iclasını keçirib, müxtəlif güc strukturları və hüquq-mühafizə orqanlarının məruzələrini dinləyib.

V.Zelenskinin sözlərinə görə, iclasın nəticələrinə əsasən, bütün regional hərbi komissarların işdən azad olunması barədə qərar qəbul edilib.

Ukrayna prezidenti sözügedən mövzu ilə bağlı deyib: “Hərbi komissarlıqlara cəbhədə sağlamlığını, əl-ayağını itirən, lakin ləyaqətlərini, abrını qoruyub saxlayan və səngərdə ola bilməyən hərbçilər rəhbərlik etməlidirlər. Onlara bu komplektləşdirmə sistemini etibar etmək olar. Bu qərarı ali baş komandan Zalujnı həyata keçirərcək. Yeni rəhbərlər təyin edilməzdən əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılacaq. Haqqında cinayət işi açılan hər bir hərbi komissar məsuliyyətə cəlb olunacaq.

Epoletləri olan, lakin barələrində cinayət və ya qanun pozuntusu faktı aşkar edilməyən hərbi komissar və vəzifəli şəxslər rütbələrini saxlamaq, ləyaqətlərini sübut etmək istəyirlərsə, cəbhəyə getməlidir.

Ordu cinayət cəzasını əvəz etmir və heç vaxt da etməyəcək. Çiyin qayışı ilə imtiyazları qarışdıran məmurlar, şübhəsiz ki, mühakimə olunacaq”.

Xatırladaq ki, Ukraynada son bir ayda ərazi işə qəbul və sosial dəstək mərkəzlərinin rəhbərləri ilə rezonans doğuran qalmaqallar yaşanır.