Klassik şahmata münasibətim hamıya məlumdur.
"Unikal" xəbər verir ki, bu sözləri Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi Maqnus Karlsen turnirin rəsmi saytına açıqlamasında deyib.
Norveçli beşqat dünya çempionu bildirib ki, “Norway Chess” turnirindən sonra Bakıya gəlmək barədə qərar qəbul edib: “İlk günlərdə çətin hisslər yaşayırdım. Dünya Kubokunda sona qədər irəliləmək əsas hədəfim idi. Bakıya qalib olmaq üçün gəlmişdim. Dünya Kubokunu qazandığım üçün xoşbəxtəm. Nəhayət adımı bu yarışın tarixinə yazdırdım”.
M.Karlsen dünya şahmat tacı uğrunda mübarizənin formatının dəyişdirilməsinin vacibliyini qeyd edib: “Beynəlxalq Şahmat Federasiyası qaydaları yenidən nəzərdən keçirməlidir. Klassik şahmatda islahat olmalıdır. Oyuna verilən zaman azaldılarsa, daha maraqlı mübarizə izləmək mümkündür. Qəti qərar söyləmək üçün müzakirələr lazımdır. Qaydalar dəyişərsə, yenidən çempionluq uğrunda mübarizəyə qayıtmaq ehtimalım var”.