Bu gün saat 17:30 radələrində İsmayıllı rayonun Mollaisaqlı kəndinə yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
"Unikal"ın məlumatına görə, xeyli sayda evi su basıb, iri və xırda buynuzlu heyvanları sel aparıb, həyatyanı sahələrə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda kənddə işıq, qaz, su təchizatı dəyanıb, yağış dəvam edir.
İsmayıllı rayon Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həşim Həşimovun saytımıza verdiyi məlumata görə, yağan güclü yağışdan sonra kəndin şimalındakı ehtiyat su anbarının partlaması nəticəsində kəndə gələn sel suları işıq, qaz və rabitə xətlərini sıradan çıxarıb, 80-dən çox iri buynuzlu mal-qara və 150 baş qoyun tələf olub.
Kənd sakinlərinə məxsus 350 ton taxılı, 100-dən çox toyuq-cücəni sel aparıb, həyətlərin hasarları, tövlələrin divarları dağılıb. Xoşbəxtlikdən insanlar arasında heç bir təlafat yoxdur.
Şahnəzər Bəşirov