Bu gün İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Göyçay rayonunda fəsadlara səbəb olub.
"Unikal"ın məlumatına görə, bu gün saat 17:30 radələrində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb. Dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb.
Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Yüzlərlə avtomobil yolda qalıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib. Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür.
Şahnəzər Bəşirov