M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülür, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarından etibarən Göyçay rayonu istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Hazırda yolboyu hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir və gün ərzində bu işlər də tam yekunlaşacaq.