Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən "Unikal"a verilən xəbərə görə, Abşeron rayonu, Məmmədli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qeyd edilən qanunsuz tikili sökülərək ərazi nəzarətə götürülüb.
Bundan başqa, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində də kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazəverici sənədləri olmadan inşa edilən fiziki şəxsə aid tikili Agentliyin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.