"Yay aylarında daim qiymətlərdə sabitlik müşahidə olunub. Bu, mövsümi xarakterli dəyişikliklərlə bağlıdır. Yerli məhsulların bazara çıxması ilə qiymətlərdə sabitlik yaranır".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu il də inflyasiyanın sürətinin zəifləməsinin şahidi olduq: "Yəni, yay aylarında qiymət artımında bir səngimə qeydə alındı. Həmçinin, son səkkiz ayda beynəlxalq bazarlarda ərzaq qiymətlərində ucuzlaşma görürük. Dünya bazarlarında bahalaşma dalğası xeyli səngiyib. Bizim də idxaldan çox asılı olduğumuzu nəzərə alsaq, bu hal ciddi təsir göstərib. Belə ki, idxal mallarında müəyyən qiymət sabitliyi baş verib".
Ekspert bildirib ki, Azərbaycanda əsasən noyabr ayından başlayaraq Yeni il bayramına qədər və həmin ərəfədə qiymət artımı olur:
"Yerli məhsulların bazardan azalmasının, idxal məhsullarının artımının da buna təsiri olur. Amma bayramlar öncəsi tələbin artmasının da rolu var. Ərzaq məhsullarının son illərdəki qiymətini analiz etsək görərik ki, noyabr-dekabr aylarında inflyasiya sürətlənir. Belə ki, ərzaq məhsullarının qiymətində artım baş verir. İndi də buna bənzər hadisələrin şahidi ola bilərik. Biz idxaldan asılı ölkəyik. 70-75 faiz ərzaq məhsullarını xaricdən alırıq. Xaricdəki qiymət artımı tendensiyasının tam zəifləmədiyini nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, payız aylarında qiymət artımının növbəti dalğasını yaşaya bilərik".
Anar Kəlbiyev