1990-cı illərin əvvəli Azərbaycanın tarixinə dəhşətli faciələrin yaşandığı bir dövr kimi daxil olub. Tarixin müxtəlif dönəmlərində azərbaycanlıları misli görünməmiş soyqırımına və deportasiyaya məruz qoyan militarist Ermənistan 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyə başladı. Ermənilərin təhriki və keçmiş SSRİ-nin ovaxtkı üzdəniraq rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı ilin yanvarında sovet ordusu Azərbaycanda misli görünməmiş qanlı qırğın törətdi. Faciənin səhəri günü, yəni yanvarın 21-də Ulu Öndər Heydər Əliyev “qırmızı ordu”nun törətdiyi qanlı qətliama qarşı etiraz səsini ucaldaraq ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və baş verən hadisəyə görə SSRİ-nin siyasi rəhbərliyini, şəxsən Qorbaçovu kəskin ittiham etdi. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, bu, daim təqibə məruz qalan insan üçün çox təhlükəli addım idi: “Lakin atam həmişə prinsipial idi və əsla tərəddüd etmədən baş verənlərə qarşı etiraz etdi. Onun ailə üzvləri heç bir şübhə və qorxu hissi keçirmədi. Həmin ağır günlərdə bircə arzumuz vardı: öz xalqımızla birlikdə olmaq, onu dəstəkləmək. Bir il sonra bu arzu da baş tutdu. Doqquz illik fasilədən sonra atam öz Vətəninə, Naxçıvana qayıtdı. Onu buraya iki arzu gətirmişdi. Birincisi, şəxsi arzusu, ona rahatlıq verməyən vətəndaşlıq şərəfi. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. İkincisi, atam Azərbaycana xalqın istəyi ilə gəlmişdi.”
Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir dövrü dövlətə, xalqa xidmət nümunəsi, vətənpərvərliyə, Vətənə, torpağa bağlılıq örnəyidir. İnkaredilməz faktdır ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövrü Azərbaycanın milli dirçəlişinin əsasını qoymuşdusa, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı haqlı olaraq çağdaş tariximizə Milli Qurtuluş Günü kimi həkk olunub. O da danılmaz faktdır ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın müstəqillik tarixinin mühüm və parlaq səhifələri yazılıb.
"Unikal" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevn 1990-cı il iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdə olan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin tarixi gündən başlayaraq Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi Ona hər bir çətinliyi uğurla aradan qaldırmaqda yardımçı oldu. Bütün bunları özünün zəngin idarəetmə qabiliyyəti və təcrübəsi, beynəlxalq arenada şəxsi nüfuzu hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi.
Vüqar Rəhimzadə qeyd edib ki, illər keçdikcə 3 sentyabr 1991-ci il tarixinin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı kimi dəyərləndirilir. Naxçıvanda çalışdığı illərdə Ümummilli Liderin ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması oldu. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımızın birliyinə, həmrəyliyinə çağırış oldu. Dahi şəxsiyyət daim bildirirdi ki, Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır. Onun artıq dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhur tezisi dünya azərbaycanlılarını eyni amal uğrunda birləşdirən şüar olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrildi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.
YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsindəki xidmətlərindən bəhs edərkən hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasına da diqqəti yönəldib. Bildirib ki, xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının dahi şəxsiyyətə müraciəti və Ümummilli Liderin bu təşəbbüsə dəstəyinin təsdiqi olan ziyalılara cavabı əsasında yaradılan Yeni Azərbaycan Partiyası məlum səbəblərdən təsis konfransını 1992-ci il noyabrın 21-də ölkəmizin müxtəlif regionlarından 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirdi. Yaradıcısı Ulu Öndər olan YAP ötən 30 ildən artıq dövrdə bütün sınaqlardan şərəflə çıxıb, tutduğu yola, əqidəsinə sadiqliyi ilə ilk gündən ümumxalq partiyası kimi nüfuz qazanıb. Ümummilli Liderin yaradıcısı olduğu YAP son 20 ilə yaxın zaman kəsiyində partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır.
Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərini bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü önə çəkərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi bu il anadan olmasının 100 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətini dərindən təhlil etməyə, yeni araşdırmaların aparılmasına, kitabların nəşrinə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndərin hakimiyyətinin hər iki dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider bu addımı ilə bir daha təsdiqlədi ki, hər zaman xalqının, dövlətinin yanındadır, Onun üçün Azərbaycanın müstəqilliyinin qorunması əsasdır. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. 2003-cü ildə xalqa tarixi müraciətində etimadın, inamın növbəti ünvanını göstərdi. Bildirdi ki, cənab İlham Əliyevə Özü qədər inanır. Dahi rəhbərin axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev uğurla reallaşdırdı. Təbii ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedirdi. Prezident İlham Əliyev Ümummilli Liderin hər bir arzusunu gerçəkləşdirdi. Tarixi Zəfərimiz isə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın daha xoşbəxt gələcəyinə hesablanmış məqsədyönlü fəaliyyətinin zirvəsi oldu. Bu gün azad, dirçələn Qarabağ, Şərqi Zəngəzur Heydər Əliyev yolunun təqdimatıdır.