Bəşər Əsəd öldürüləcəkmi?
12:42 29-03-2013
DÜNYA
Bəşər Əsəd öldürüləcəkmi?
Suriya diktatorunun başı üzərindəki qara buludlar daha da sıxlaşır
Bir neçə gün bundan əvvəl sosial media Suriya prezidenti Bəşər Əsədin öldürüldüyü xəbəri ilə çalxalandı. Ərəb və İsrail xəbər agentlikləri tərəfindən isə Suriya liderinin öz şəxsi mühafizəçisi tərəfindən öldürüldüyü bildirildi.
Başqa bir məlumatda isə, B.Əsədin ölmədiyi, ağır yaralandığı və "Əl Şami" xəstəxanasına yerləşdirildiyi iddia edildi. Onu vuranın iranlı Mehdi Yaqub adlı zabit olduğu bildirilsə də yayılan bütün bu məlumatlar rəsmi təsdiqini tapmadı.
Əsədə ölüm mesajımı?
Sual oluna bilər ki, B. Əsədin ölüm, özü də onun öz şəxsi mühafizəçisi tərəfindən öldürülməsi xəbərinin yayılması təsadüfi idimi? Əlbəttə ki, yox.
Qarşıdurmaların başlandığı birinci ildə Suriya liderinin taleyi ilə bağlı müxtəlif versiyalar irəli sürülür, onun hətta ölkənin gələcək idarəçiliyində hansısa formada yer ala biləcəyi deyilirdi. Hazırkı vəziyyət isə tamamilə fərqlidir. Ölkədəki vətəndaş müharibəsi üçüncü ilinə qədəm qoyub və bu müharibə 70 mindən çox insanın həyatına son qoyub. B.Əsədin ən yaxın tərəfdarları da artıq onu xilas etmək iqtidarında olmadığını büruzə verməyə başlayıblar.
Əsədin özü isə bu yolun sonunun ölümlə nəticələcəyini anladığını hələ keçən ilin noyabr ayında dilə gətirmişdi. O, "Russia Today" telekanalına müsahibəsində "Mən suriyalıyam, Suriyada doğulmuşam, Suriyada yaşayıb, Suriyada da öləcəyəm", - söyləmişdi. Çox güman ki, bir neçə gün bundan əvvəl haqqında yayılan ölüm xəbəri də artıq bunun çox yaxın tarixdə baş verəcəyinin xəbərçisidir. "Bəşər Əsədi vuran şəxsin iranlı Mehdi Yaqub adlı zabit olması" da təsadüf sayıla bilməz. Axı, İran Suriyanın ən yaxın müttəfiqidir.
Diqqət yetiriləsi daha bir məsələ, B. Əsədin həyatına hər hansı bir zəmanətin verilməməsidir. Mümkün idi ki, B.Əsədin təhlükəsizliyinə zəmanət vermək hesabına onun vuruşmaq sevdasından əl çəkməsinə nail olsunlar. Göründüyü kimi belə bir cəhd də yoxdur. Suriya rejiminin müttəfiqlərindən olan Rusiya bu məsələdən ümumiyyətlə danışmaq istəmir və B.Əsədə sığınacaq vermək niyyətində olmadığını bildirir. Suriya liderinin ən yaxın dostlarından olan Venesuelanın prezidenti Hüqo Çaves isə artıq həyatda deyil.
Belə ki, bir müddət əvvəl İsrailin "Haaretz" qəzeti B.Əsədin Suriyanı tərk etmək məcburiyyətində qalacağı halda, məhz Venesueladan siyasi sığıncaq istəyəcəyini yazmışdı. ABŞ-la münasibətləri normallaşdırmaq imkanını qazanan Çavessiz Venesuelanın isə B. Əsədə belə bir yaxşılığı edəcəyi inandırıcı görünmür. Qərbin sanksiyalardan iflasın bir addımlığında olan İranın da öz üzərinə əlavə yük qoyması inandırıcı deyil. Bir sözlə, Əsədin dostları da ona sonadək döyüşməyi və Suriyada ölməyi məsləhət görürlər. Necə ki, bu yolu "Mən suriyalıyam, Suriyada doğulmuşam, Suriyada yaşayıb, Suriyada da öləcəyəm", - söyləyən B. Əsəd də seçib.
İşə yaramayan "mən sizin
liderinizəm" yalvarışları...
"Liviya bizə əcdadımızdan miras qalıb. Bundan sonra da bu ölkəni qoruyacağam. Ölkəni biz qurduq, bizlər bunun uğrunda can qoyduq. Mən bir inqilab lideriyəm. Bu ölkəyə inqilab ruhunu mən gətirdim. Liviya Afrika qitəsinin lideri olaraq qalacaq. Mən bu ölkədə öləcəyəm. Mən başqda dövlət başçıları kimi ABŞ və digər Qərb dövlətlərinə boyun əymədim". Bu ifadələrin sahibi isə Liviyanın üsyançılar tərəfindən amansızcasına qətlə yetirilən lideri Müəmmər Qəzzafi idi. Bu ifadələr Əsədin ifadələrinə oxşamırmı? M.Qəzzafi də B.Əsəd kimi torpağında vuruşaraq öləcəyini dedi və sözünə əməl etdi.
Ölümündən əvvəl mətbuatda onun da ölkədən qaçması ilə bağlı məlumatlar yayılmışdı. Amma o, qaçmadı və ərəb liderlərinin ən acınacaqlı variantını yaşadı. Sona qədər vuruşdu, həm ordusundan, həm də üsyançılardan minlərlə insanın ölümünə səbəb olan 42 illik diktator ədalət məhkəməsi önünə gedib, çata bilmədi. Qərb ölkələrini Liviyadan qovacağına söz verən Qəzzafi nəhayət, özünü kanalizasiya borusunda tapdı. Kanalizasiya borusunda gizlənməklə canını qurtarmağa çalışdı. Onun əleyhdarlarına "Nə edirsiniz? Mən sizin liderinizəm", müraciəti də işə yaramadı.
Təbii ki, B.Əsəd bu sözləri deməyəcək, çünki faydasının olmayacağını yaxşı bilir. Yaxud da 70 min vətəndaşının ölümünə səbəb olan bir şəxsin "mən sizin liderinizəm" deməyə cəsarəti çatacaqmı? Yeri gəlmişkən, yanvar ayında Vaşinqton Ankaraya Suriyadakı vətəndaş müharibəsinin 6 ay ərzində yekunlaşacağını bildirmişdi. Deməli, B.Əsədin ailəsini başına yığmaq üçün daha 3-4 ay vaxtı var.
Haqqın yolunu tez tapanlar...
Yəmən diktatoru Əli Abdullah Saleh silahlı müqavimət göstərdi və xeyli insanı qətlə yetirdi. Son anda başa düşdü ki, müqavimət mənasızdır və geri çəkildi, danışıqlara getdi. Xeyli cinayətlər törətməsinə baxmayaraq, opponentləri ölkənin gələcəyini, qarşıdurmaların davam etməməsini nəzərə alıb, ona təminatlar verdilər və ölkədən çıxmasına imkan yaratdılar. Və Əli Abdullah Saleh 33 illik hakimiyyətdən sonra öz şəxsi həyatını xilas etmək naminə hakimiyyətin Yəmənin vitse-prezidentinə həvalə edilməsi barədə əmr imzalamaq məcburiyyətində qaldı.
"Ərəb baharı" nda ən yumşaq forma Tunis modeli oldu. Bin Əli müqavimət göstərməyə cəhd elədi, amma son nəticədə reallıqla barışdı və xanımının təsiriylə və yaxud hərbçilərin müdaxiləsi ilə da olsa, hər halda siyasi arenanı tərk etdi, oyundan birdəfəlik çıxdı.
"Ərəb baharı"nın baş verdiyi digər bir ölkə olan Misirin sabiq prezidenti Hüsnü Mübarək isə canını ömürlük həbs cəzası ilə qurtara bildi. Baxmayaraq ki, o, hökumət əleyhinə nümayiş keçirən yüzlərlə insanın qətlində ittiham edilirdi. Hər halda H. Mübarək, M. Qəzzafi kimi son ana kimi müqavimət göstərmədi, xalqını daha böyük qırğınlara aparmadı. Məhz bunun nəticəsi idi ki, onun iki oğluna bəraət verildi.
Onun davranışı daha çox Əli Abdulla Salehin davranışına bənzəyirdi. O da müqavimət göstərdi, xeyli insanı qətlə yetirdi. Amma bir növ geri çəkilməyi imitasiya edərək hakimiyyəti öz adamına ötürməyə cəhd etdi. Lakin sonda bununla bağlı apardığı danışıqlar da alınmadı.
Bir nöqtədə birləşən tale yolları...
B.Əsədin qarşısında seçim imkanları o qədər də geniş deyil. Təxminən bir il bundan əvvəl bu seçimlərdən biri onun müttəfiq ölkələrdən birində sığınacaq tapması idisə, yuxarıda qeyd etdiyimiz kimi, onu qəbul etmək istəyən də yoxdur. Sonadək vuruşacağı halda isə B.Əsədin qarşısına iki variant açıla bilər. Bunlar M. Qəzzafi və Səddam Hüseynin sonrakı tale yollarıdır. Biri üsyançıların əliylə görünməmiş qəddarlıqla qətlə yetirildi, digəri isə məhkəmənin hökmü ilə öldürüldü. Amma bundan sonra hansı yolu seçəcəyi isə deyəsən, artıq B.Əsədin özündən asılı olmayacaq.
B.Əsəd 70 mindən çox adamın ölümünə səbəb olub, yüz minlərlə ailəyə fəlakət gətirib. Bu baxımdan, B.Əsədin M.Qəzzafinin taleyini yaşama variantı daha inandırıcı deyilmi? Düşünmək olar ki, B.Əsədin özü də onu M.Qəzzafinin taleyinin gözlədiyini çox gözəl anlayır. Və B.Əsəd özü özünə qarşı ölüm hökmünü artıq çoxdan verdiyini də yəqin ki, başa düşür. Məhz buna görə də, bütün gücü ilə müqavimət göstərməyə çalışır, ona qarşı çıxan daha çox insanı öldürmək istəyir.
Ömər Əmirov
Digər Xəbərlər
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40