“Mənə daxil olan məlumata görə Nazim Bəydəmirli əsassız və qondarma həbsinə görə aclıq aksiyasına başlayıb. Sonuncu dəfə keçən həftə görüşmüşəm, məlumatı şəxsən özündən dəqiqləşdirmək imkanım olmayıb”.

"Unikal" xəbər verir ki, bunu həbsdə olan iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin vəkili Aqil Layıc bildirib.

O qeyd edib ki, sonuncu dəfə müstəntiqin yanında N.Bəydəmirli sentyabr ayının 4-də aclıq elan edəcəyini demişdi:

“Özü ilə bu həftə görüşəndə dəqiqləşdirmə aparacam. Amma mənə belə bir məlumat daxil olub”.

Qeyd edək ki, sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Daha sonra N.Bəydəmirli barəsində ittiham ağırılaşdırılıb. Ona qarşı hədə-qorxu ilə təkrarən tələb etmə maddəsi üzrə, yəni Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb.