“Ermənistanın işğalçı anneksiya siyasətinin potensialı özündə deyil. Bu vaxta qədər Ermənistana həm hərbi, həm də siyasi dəstək verən Rusiya idi. Rusiya yenə də dəstək verir, amma ermənilərin istədiyi kimi deyil. Ermənilər elə fikirləşirdilər ki, Rusiya əsgəri gəlib onların yerinə döyüşəcək”.
Bunu “Unikal”a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Eks-nazir bildirib ki, bu baxımdan onların narazılığı mövcuddur və özünü göstərir:
“Ermənilər yenə də reallığa qayıtmaq istəmirlər. Hindistan, Fransa və s. ölkələrə ümid bəsləyirlər. Elə fikirləşirlər ki, kimsə gəlib burada Rusiyanı əvəz edəcək. Başa düşmürlər ki, yeni reallıq var. Azərbaycan-Türkiyə mütəffiqliyi mövcuddur və indi digər proseslər başlayıb. Türk dövlətlər birliyi əməkdaşlığı günü-gündən güclənir. Təbii ki, buna qarşı çıxanlar, Rusiyanı əvəz etmək üçün bəyanatlar verənlər var. Amma reallığa gələndə kimsə ermənilərin yerinə döyüşməyə hazır deyil. Ona görə də erməni siyasətçilər təşviş içərisindədir. Daim populist, təbliğata əsaslanan hansısa tədbirlər təşkil edirlər. İndi hazırlaşırlar ki, konqresdə hansısa dinləmələr baş verəcək. Konqresdə il ərzində yüzlərlə, minlərlə bu cür dinləmələr olur. Bu o demək deyil ki, ABŞ köklü şəkildə siyasətini dəyişəcək. Azərbaycan ABŞ üçün bu bölgədə çox vacib faktordur”.
T.Zülfüqarov qeyd edib ki, Azərbaycan Turan kimi geopolitik reallığın vacib oyunçularından biridir: “Kiminsə gəlib Ermənistandan ötrü bizə düşmənçilik etməsi inandırıcı deyil. Ermənistan siyasi elitası üçün reallığa qayıtmaq əsas məsələlərdən biridir. Onlar düzgün addımlar atmasalar, Ermənistanın gələcəkdə dövlət olaraq qalması sual altındadır”.
Anar Kəlbiyev