Sentyabrın 12-də  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Ələddin Quliyev 31 və Sarayevo küçəsi 184  ünvanları üzrə yeni ərazi partiya təşkilatları yaradılıb.

"Unikal" xəbər verir ki, tədbirlərdə çıxış edən  YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə yarandığı gündən ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, dahi  şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir.

 “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikirləri ilə YAP-ın gələcəyinə, cəmiyyətdə özünəməxsus yer tutacağına böyük əminliyini ifadə edən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla həm ölkəmizin, həm də partiyanın həyatında yeni mərhələnin başlanğıcını qoydu. Qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə hər zaman Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın sosial rifah halının yaxşılaşmasına çalışan YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın  göstəricisidir. 

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin  Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərinin indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətindən də bəhs edib. Bildirib ki, Heydər Əliyev yolu Azərbaycanı daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunan uğurların zirvəsidir. 2003-cü ildə xalqa tarixi müraciəti ilə  bugünkü və gələcək inkişafın əsasını qoyan Ümummilli Liderin  inam və etimadını  uğurlu addımları ilə doğruldan Prezident İlham Əliyev hazırda uğurlu islahatları ilə dünyaya Azərbaycanın təkmil inkişaf modelini təqdim edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təşkilatı məsələlərə baxılıb.  İradə Şükürova  YAP Xətai rayon təşkilatı Ələddin Quliyev 31 ünvanı üzrə ərazi partiya təşkilatının sədri,  Tural Bağırov sədr müavini, Qəzənfər Kazımov  YAP Xətai rayon təşkilatı Sarayevo küçəsi 184  ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Gülnarə İsmayılova isə  sədr müavini  seçiliblər.