2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri də vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsidir.
"Unikal" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilir ki, sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi və tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakları siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakların reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması nəzərdə tutulur.
Eyni zamanda vergi inzibatçılığının təkmilləşdirilməsi, borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, vergi ödəyicisinin vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi nəzərdə tutulub.