Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoyub.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, kompleksin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyaya əsasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.

Prezident İlham Əliyev 4-cü yaşayış kompleksinin təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Qeyd olundu ki, yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.

Məlumat verildi ki, ümumi sahəsi iki hektar olan yaşayış kompleksində tikiləcək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.

Prezident İlham Əliyev 3-cü yaşayış kompleksinin təməlini qoydu.

*** 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.

Məlumat verildi ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.

Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoydu.

***

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısına məsciddə görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, binanın konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib.

Zəngilanda inşa olunan məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.

Ötən müddətdə yeni məscidin layihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.

*** 14:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

"Unikal" xəbər verir ki, sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.