İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.
Bu barədə "Unikal"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, hazırda enerji təhlükəsizliyi dünyada əsas çağırışlardan birinə çevrilib və ölkələrimiz arasında bu sahədə, xüsusilə bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlıqda mühüm vektorlardandır.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.
Görüşdə ölkələrimizin uğurlu iqtisadi tərəfdaşlığı, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.