"Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif edilir. Mərkəzi Bankın məlumatına görə, bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir:
"Ağcabədi, Ağdam,Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19 üzərindədir. Mərkəz Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğu bəyan edib. Paytaxtda orta kredit faizi digər bölgələrimizdən kəskin fərqlənir: 10.98 faiz. Rayonlarımızda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu bir tərəfdən bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir.
Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunurlar. Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur. Aydındır ki, Azərbaycanda 12.53 %-ə istehlak kreditləri cəlb etmək çox çətindir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, orta faizdən daha çox istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi vacibdir".