Rusiya prezidenti Vladimir Putin  İsraillə HƏMAS terrorçuları arasındakı müharibədən faydalanmağa çalışır. Xüsusilə, Kreml sülhməramlı kimi şöhrət qazanmaq və Rusiyanın Yaxın Şərqdə təsirini artırmaq üçün atəşkəsə nail olmaq istəyir.

"Unikal" xəbər verir ki, bunu Britaniya ordusunun istefada olan polkovniki Riçard Kemp "The Telegraph" qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, Putinin münaqişəyə müdaxiləsi heç nəyi dəyişməyəcək, çünki Rusiyanın güclü dünya dövləti kimi reputasiyası Ukraynaya qarşı müharibə nəticəsində ciddi şəkildə zədələnib. Rusiya qoşunları 18 aylıq genişmiqyaslı müharibədən sonra ağır vəziyyətdə qalır və Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Luqansk və Berdyansk aerodromlarına ATACMS raket zərbələri endirməsi Kremli dərindən sarsıdıb.  

Kempin sözlərinə görə, Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər. Deməli, Suriyada Putin artıq mövqelərini itirməkdədir. O, qüvvələrinin bir hissəsini oradan yenidən Ukraynaya yerləşdirməli olub. 

Ekspert İsrailin HƏMAS-a qarşı müharibəsinin Kremlə qısamüddətli fayda verə biləcəyini izah edib. Lakin Putinin səylərinə baxmayaraq, Qərb İsrailin ətrafında toplaşır və Rusiya onun fonunda “kənar” kimi görünür.

"Dünyada, xüsusən də Ukraynada bu qədər qan tökülməsinə görə məsuliyyət daşıyan adam indi deyir: “Qan tökülməsini dayandırmaq indi vacibdir”. Əgər onlar bu böhranı Ukraynada müharibədə qalib gəlmək üçün bir vasitə kimi görürlərsə, bu, boş bir xəyaldır: yalnız çıxılmaz bir diktatorun xəyal edə biləcəyi bir xəyaldır”, - Kemp istehza ilə vurğulayıb. 

Gülayə Mecid